MƏDƏNİYYƏT
Kuba noyabrda əhalinin 90 faiz vaksinlənməsini və turizm sənayesinin bərpa olunmasını planlaşdırır
Madrid, 15 sentyabr, AZƏRTAC
Kubanın hakimiyyət orqanları noyabrın ortalarından başlayaraq beynəlxalq turizm üçün sərhədləri açmağa və turizm sahəsini bərpa etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Kuba hökuməti əhalinin 90 faizinin noyabrda peyvəndlənməsini proqnozlaşdırır və koronavirusa yoluxmaların sayının aşağı düşəcəyini güman edir.
Turizm sahəsinin pandemiya səbəbindən ilyarım dayandırılmasından sonra bu ilin ilk 8 ayı ərzində ölkəyə 163.700 turist gəlib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 95 faiz azdır.
Kuba öz tarixində ən kəskin böhranlardan birini yaşayır, 2020-ci ildə ÜDM-in səviyyəsi 11 faiz aşağı düşüb. Adanın hakimiyyət orqanları ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verən turizm sektorunu səfərbər etmək niyyətindədirlər. Pandemiyaya qədər turizm milli iqtisadiyyata 3 milyard dollardan çox və ixrac edilən əmtəə və xidmətlərdən ümumi gəlirin təxminən 19 faizini gətirirdi.
Noyabrın 15-də Kubada bütün turizm istiqamətləri açılacaq, ölkəyə giriş prosedurları sadələşdiriləcək. Həmin tarixdən adaya girişdən ötrü beynəlxalq vaksinləmə sertifikatı qəbul ediləcək, peyvənd olunmayan turistlər polimeraz zəncirvari reaksiyanın (PZR) mənfi nəticəsini təqdim etməli olacaqlar.
Havana pandemiyanın lap əvvəlindən əhalinin öz ölkəsinin vaksinləri ilə immunlaşdırılması yolunu seçib. Hazırda adada üç vaksindən – “Soberana 02”, “Abdala” və “Soberana Plus” vaksinlərindən istifadə edilir. İndi Kuba Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq sertifikatını almağa nail olmalıdır. Kuba vaksinləmə sxeminə üç doza daxildir. Vaksinləri işləyib hazırlayan tədqiqat mərkəzlərinin məlumatına görə, bu vaksinlər də “Pfizer” və “Moderna” kimi 92 faiz effektivliyə malikdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid