DÜNYA
Kubada etirazlardan sonra xaricdən gətirilən qida və dərman məhsullarına rüsumlar ləğv edilib
Madrid, 16 iyul, AZƏRTAC
Kuba ötən bazar günü Havanada və ölkənin bir neçə şəhərində baş verən etiraz aksiyalarından sonra tədricən normal həyata qayıdır. Bu, 1994-cü ildən bəri hökumət əleyhinə ən böyük etirazlar idi.
AZƏRTAC xəbər verir ki, polis küçələrə nəzarəti davam etdirir. Şəhərlərdə elektrik enerjisinin kəsilməsi azalsa da, mağazalarda hələ də zəruri məhsul və əşyaların qıtlığı müşahidə olunur.
Etirazlardan sonra ölkədə vəziyyəti yoluna qoymağa çalışan Kuba rəhbərliyi, müstəsna hallarda, ilin sonunadək turistlərin rüsumsuz qida və dərman gətirməsinə icazə verib. Artıq turistlər Kubaya rüsumsuz 10 kiloqrama qədər dərman gətirə bilərlər. Bununla yanaşı, qida və şəxsi gigiyena əşyalarına məhdudiyyətlər qoyulub.
Ekspertlər əmindirlər ki, hökumət islahatların həyata keçirilməsini sürətləndirməli olacaq. Kiçik sahibkarların ayaqda qalması üçün özəl fəaliyyət üçün bir çox maneənin aradan qaldırılması lazımdır.
2020-ci ildə pandemiyanın fəsadları səbəbindən Kubada ÜDM 11 faiz azalıb. Bu, 1993-cü ildəki 14 faiz çöküşdən sonra ölkə tarixində ikinci rekord göstəricidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid