İQTİSADİYYAT
Küçə və prospektlərdə baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesi texnoloji ardıcıllıqla görülür
Bakı, 4 aprel, AZƏRTAC
Küçə və prospektlərdə təmir və yenidənqurma işləri həyata keçirilərkən yolun hərəkət hissəsində yerləşən kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesi texnoloji ardıcıllığa riayət olunmaqla icra edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir və yenidənqurma işləri zamanı öncə yolun hərəkət hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı (aşınma qatı) frezlənərək kənara daşınır, kommunikasiya xətlərinin baxış qapaqlarının ətrafı köhnə asfalt-betondan təmizlənir. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılır. Bu zaman köhnə baxış qapaqlarının üzəri də asfaltlanır və sonradan yerini müəyyənləşdirmək üçün asfalt-beton örtük boya ilə nişanlanır.
Yeni döşənmiş asfalt-beton örtük möhkəmləndikdən sonra baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesinə başlanılır. Ərazidə hərəkət intensivliyi, həmçinin işi icra edən təmir briqadasının iş qrafiki nəzərə alınmaqla işin icrasına yeni asfalt-beton örtük döşənəndən bir-neçə saat və ya bir-neçə gündən sonra başlanıla bilər. Bu zaman öncədən yeri nişanlanan baxış qapaqlarının ətrafı kvadrat şəklində xüsusi alətlə səliqə ilə kəsilir və asfalt örtük çıxarılır. Daha sonra kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılır, baxış qapaqları yerinə qoyulur və kənarları betonlanır. Beton tam quruduqdan sonra isə qazılan ərazi yenidən baxış qapağı ilə eyni səviyyədə olmaq şərti ilə asfaltlanır. Bununla da, kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesi yekunlaşır.