MƏDƏNİYYƏT


Kukla Teatrı Lənkəranda

Bakı, 29 iyul, AZƏRTAC

Bu il 90 illik yubileyini qeyd edilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti növbəti humanitar aksiyasını uğurla başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, teatr mövsümünün başa çatmasına baxmayaraq, Lənkəran şəhərinə səfər edərək Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş növbəti düşərgədə tamaşa ilə çıxış ediblər.

Kuklaçılar “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün teatrın repertuarındakı maraqlı səhnə nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını göstəriblər.

Məşhur Azərbaycan xalq nağılı “Şəngülüm, Şüngülüm və Məngülüm” əsasında hazırlanan tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verib. Mono kukla tamaşasının quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Tamaşanın mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib.

Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda - Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar çıxış edir.

Tamaşanın ifaçısı sevilən aktrisa Ülviyyə Əliyevadır. İstər tamaşa, istərsə də nümayişdən sonra keçirilən əyləncəli oyunlar uşaqların böyük sevincinə səbəb olub.

Qeyd edək ki, silsilə xeyriyyə aksiyalarını, sosial-mədəni layihələrini daim gündəmdə saxlayan, Vətən müharibəsi dövründə, ondan sonra da ölkə miqyasında müxtəlif layihələrə qatılan Dövlət Kukla Teatrının kollektivi bunu özünün ən ümdə vəzifəsi və müqəddəs borcu hesab edir.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.