MƏDƏNİYYƏT


Kukla Teatrı bu dəfə “Düyməcik” nağılına müraciət edib

Bakı, 5 iyul, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir səhnə işini balaca teatrsevərlərin ixtiyarına verib.

AZƏRTAC xəbər verir ki, kuklaçılar bu dəfə uşaqların sevimli yazıçısı, məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılına müraciət ediblər.

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Musiqili nağıl-tamaşada rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Samirə Nəcəfova, Nərmin Əhmədova, Yasin Abbasov və Ramiz Qəmbərov ifa edirlər.

Açıq kukla idarəetmə texnikasından istifadə edilməklə hazırlanan nümunədə fərqli plan və forma seçilərək animasiya ilə klassik kukla estetikasının vəhdətinə nail olunub.

Yeni və maraqlı üslubda dekorasiya və əlbisələrin olduğu tamaşada pantom və mimikalar ilə oyun texnikalarından da istifadə edilib.

Maraqlı və baxımlı olduğu qədər də ibrətamiz nümunədə əsərdən irəli gələn əsas xətt - insanı bütün arzularına çatdırıb, möcüzələrə inandıran saf hiss və ümidlərini saxlamaqla dinamik yozuma nail olunub.

Xatırladaq ki, çiçəkdən doğulmuş barmaq boyda gözəl bir qızcığazın nağılını “danışan” bu nümunə 1835-ci ildə Danimarkada çap olunub və elə o vaxtdan müəllifini tanıtmağa başlayıb.

Andersenin əksər nağılları kimi müəllif təxəyyülünün məhsulu olan “Düyməcik” 1907-ci ildən teatr səhnələri və animasiya filmlərinin mövzularından biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.