MƏDƏNİYYƏT


Kukla Teatrı festivaldan uğurla qayıdıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Rusiyanın Moskva şəhərində keçirilən S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edib. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə reallaşan səfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, Kukla Teatrı Müstəqil Dövlətlər Birliyi ölkələrinin ən yaxşı kukla teatrlarının təmsil olunduğu bu tədbirdə dəfələrlə beynəlxalq festivallara qatılaraq mükafatlara layiq görülən “Ağ və qara” tamaşası ilə çıxış edib.

Böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.

MDB ölkələrindən 17-dən artıq teatr kollektivinin iştirak etdiyi festivalda nominasiyalar üzrə mükafatlandırma olmasa da tamaşa festivalın ən yaxşı səhnə işlərindən biri kimi yüksək qiymətləndirilib. Festivalda iştiraka görə diplomla təltif olunan tamaşa barədə Rusiyanın aparıcı teatr və sənət proqramlarında məlumatlar verilib.

Qeyd edək ki, MDB ölkələrinin “Mədəniyyət İli” çərçivəsində təşkil olunan bu festival V. Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrı tərəfindən iki ildən bir keçirilir və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan səhnə işləri daxil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.