MƏDƏNİYYƏT


Kuklaçı aktyor yubiley tamaşasında çıxış edəcək

Bakı, 21 oktyabr, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevin 65 yaşı tamam olur.

Bu münasibətlə aktyorun iştirakı ilə yubiley tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 22-də teatrın səhnəsində “Cırtdan” tamaşası nümayiş olunacaq. Tamaşadan öncə sənət dostları, tərəf-müqabilləri, həmkarları onun haqqında çıxışlar edəcək, yaradıcılığından söhbət açacaqlar.

Xatırladaq ki, Aslan Fətullayev 1956-cı il oktyabrın 20-də Lerik rayonunun Çayrud kəndində anadan olub. 1974-cü ildə indiki Bakı Humanitar Kollecinin mədəni-maarif fakültəsinə daxil olub, özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1977-1982-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) mədəni-maarif işi fakültəsində təhsil alıb.

Hələ orta məktəbdə oxuyarkən teatr sənətinə həvəs göstərən Aslan Fətullayev 7 yaşından kənd mədəniyyət evində hazırlanan tamaşada çıxış edib və o vaxtdan da teatra könül verib. 19 yaşı tamam olmamış Azərbaycan teatr tarixində yaratdığı obrazı ilə Qızıl fonda düşən ilk aktyordur. O, televiziyanın “Səhər görüşləri”, “Gecə kanalı”, “Komediyalar aləminə səyahət”, “45 dəqiqə” kimi populyar verilişlərinin daim iştirakçısı olub və yaddaqalan obrazlar yaradıb. Kino sahəsində də öz istedad və bacarığını nümayiş etdirən Aslan Fətullayev “Mosfilm”in çəkdiyi “Oğlan və Maral” filmində fotoreportyor, “Azərbaycanfilm”in istehsal etdiyi “Cin mikrorayonda” filmində kiçik cin, “Papaq”da papaqçının dostu, “Qorxma, mən səninləyəm”də İvan Spirodonoviç, “Qətl günü”ndə zindanban, “Mozalan”ın çəkdiyi “Kapitan” satirik kino-jurnalında basketbol komandasının kapitanı kimi maraqlı rollar oynayıb.

90-cı illərdə Akademik Milli Dram Teatrında çalışan aktyor 2007-ci ildən taleyini Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb, bir-birindən maraqlı və yaddaqalan obraz və kukla personajlarına (kukla və canlı plan) özünəməxsus ifası ilə rəng qatıb.

Teatrın cari repertuarındakı “Ələddin”, “O olmasın, bu olsun”, “Zınqırovlu pişik”, “Cırdan” kimi tamaşalarda rol alır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.