CƏMİYYƏT


Külək turbinlərinin səs-küyü sağlamlığa ziyan vurur

Stokholm, 16 mart, AZƏRTAC

Külək turbinlərinin səs-küyü bəzi yaş qruplarının nümayəndələrinə pis təsir edir.

AZƏRTAC xəbər verir ki, Danimarka Onkologiya Cəmiyyətinin alimləri ölkə hökumətinin sifarişi ilə apardıqları tədqiqatlar əsasında bu qənaətə gəliblər.

Alimlərin fikrincə, külək generatorlarının səs-küyü yaxınlıqda yaşayan insanlarda yuxusuzluq, xüsusən yaşı 65-dən çox olan insanlarda stress yaradır.

Tədqiqat külək turbinlərinin səs-küyünün uzunmüddətli, yaxud qısamüddətli təsiri ilə ürəkdə emboliyaların inkişafı və ya insultlar arasında əlaqənin mövcudluğunun inandırıcı sübutlarını aşkar etməyib. Külək turbinlərinin səs-küyünün uzunmüddətli təsiri ilə yaşlı adamlarda diabet arasında da heç bir əlaqə aşkar olunmayıb.

Alimlər qeyd edirlər ki, cavan insanlar turbinin 42 desibelə bərabər gurultusunun onların sağlamlıq durumuna mənfi təsirini hiss etmirlər. Lakin yaşı 65-i ötənlər gurultunu eşitməmək üçün dərman preparatları qəbul etməyə məcbur olurlar.

Alimlərin sözlərinə görə, bütövlükdə yeni tədqiqat külək generatorlarının ziyanı barədə suala ətraflı cavab verməyə imkan verir.

Qeyd edək ki, külək generatorlarının səs-küyünün insanların sağlamlığına vurduğu ziyan Danimarkada tez-tez müzakirələr mövzusuna çevrilir. Elektrik enerjisi istehsalına dair statistikaya görə, 2017-ci ildə külək turbinləri ölkədə istehlak edilən elektrik enerjisinin 43,6 faizini təmin edib. Danimarka həmin göstərici üzrə dünyada inamla birinci yeri tutur.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.