CƏMİYYƏT
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 7 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da ümumi çəkisi 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb. Belə ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərək kənd sakini Rüfət İsmayılovun evindən 6,3 kiloqrama yaxın həşiş, 57 qram marixuana və 10 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Asəf Cəfərovdan isə 49 qramdan çox tiryək və 480 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.