CƏMİYYƏT
Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizində rejim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılıq, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirləri davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Sahil Mühafizə bölmələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 102 kiloqram 424 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata keçirilmiş tədbirlər nəticəsində oktyabrın 11-də Biləsuvar rayonunun Biləsuvar kəndi istiqamətində dövlət sərhədinin yaxınlığında 4 bağlamadan təxmini çəkisi 19 kiloqram 600 qram olan, narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkarlanaraq götürülüb.
Həmin gün saat 20:40 radələrində eyni ərazidəki sərhəd zastavasının xidməti sahəsində üç nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazilər qapadılıb. Sərhəd naryadları tərəfindən sərhəd pozucularının təqibi başlanıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.
Sərhəd pozucularından biri ərazidən uzaqlaşmağa çalışarkən üzərində idman çantası ilə saxlanılıb. Digər iki nəfər isə sərhəd naryadlarının “Dayan” əmrinə tabe olmayaraq, əllərindəki qaçaqmalı yerə atıb, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar.
Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1988-ci il təvəllüdlü Şahmüqəddəm Cəfər Həsən olması müəyyənləşdirilib. Onun əlindəki çantaya və ərazidən götürülmüş bağlamalara baxış zamanı təxmini çəkisi 35 kiloqram 590 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkarlanıb.
Oktyabrın 12-də saat 07:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən su səthində bir ədəd şübhəli bağlama aşkar olunub. Bağlamaya baxış zamanı ümumi çəkisi 47 kiloqram 234 qram narkotik vasitəyə, psixotrop tərkibli və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkarlanaraq götürülüb.
Həmin faktlar üzrə hazırda əməliyyat-istintaq tədbirləri həyata keçirilir.