CƏMİYYƏT


Külli miqdarda narkotik vasitənin dövlət sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 25 iyun, AZƏRTAC

Dövlət sərhədinin təhlükəsizliyinin təmin olunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi tərəfindən keçirilmiş tədbirlər nəticəsində təxmini çəkisi 70 kiloqram 405 qram narkotik vasitənin, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

İyunun 20-də saat 02:00 radələrində Füzuli rayonunun “Bala-Bəhmənli” sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkarlanıb, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Horadiz-Bakı avtomagistral yolunun yaxınlığındakı ərazidən bağlama götürərək uzaqlaşmağa çalışan bir nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxsin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Piriyev Məhərrəm Vahab oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 34 kiloqram 800 qram narkotik vasitə (26,4 kiloqram heroin, 2000 qram metamfetamin və 6400 qram marixuana) aşkarlanaraq götürülüb.

İyunun 22-də İmişli rayonunun “Bəhrəmtəpə” sərhəd zastavasının ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulacağı barədə daxil olmuş məlumatla əlaqədar dövlət sərhədinin mühafizəsi gücləndirilmiş üsulla təşkil edilib, ərazidə əlavə heyət yerləşdirilib. Saat 03 radələrində dövlət sərhədinin pozulması aşkarlandıqdan sonra dərhal sərhəd pozucularının təqibinə başlanıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bəhrəmtəpə-Bakı avtomagistral yolu istiqamətində “MAZ” markalı 66-BN-623 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən iki nəfər şübhəli şəxs saxlanılıb.

Yevlax şəhər sakinləri 1981-ci il təvəllüdlü İbadi Ceyhun Tofiq oğlu və 1982-ci il təvəllüdlü Xalıqverdiyev Elçin Eyvaz oğlu olmaları müəyyənləşdirilmiş şəxslərin üzərindəki iki bağlamanın içərisindən təxmini çəkisi 35 kiloqram 605 qram narkotik vasitə (26 min 442 qram heroin, 5863 qram marixuana, 3300 qram metamfetamin), 920 ədəd “metadon M-40” və 150 ədəd “preqabalin” həbləri aşkarlanaraq götürülüb.

Faktlar üzrə cinayət işləri başlanıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.