CƏMİYYƏT
Külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 16-da saat 01:00 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici vasitələrə baxış keçirən sərhəd naryadı tərəfindən nəzarət iz zolağında sərhəd pozucularına məxsus iz aşkar edilib. Horadiz sərhəd dəstəsinin və sərhəd zastavasının ehtiyat qüvvələri tərəfindən keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində Füzuli rayon sakinləri Səyyad Müzəffər oğlu Əsədov və Vilayət Ziyad oğlu Məhərrəmov saxlanılıblar. Onların üzərində külli miqdarda narkotik maddə olan 2 kiloqram həşiş, 1 kiloqram 140 qram marixuana, 25 qram heroin və 30 qram tiryək aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərlə cinayət əlaqəsində olan Füzuli rayon sakinləri Elvin Allahverdi oğlu Məmmədov, Eloğlan Seyfi oğlu Əhmədov və Murad Akif oğlu Abdullayev müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.