CƏMİYYƏT
Külli miqdarda xarici valyutanın gömrüyə bəyan edilmədən keçirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 22 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın Azərbaycanın gömrük sərhədindən bəyan edilmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı-Urumçi aviareysi ilə gedən Azərbaycan vətəndaşı xarici valyutanı gömrük nəzarətinə təqdim, elektron və ya yazılı formada bəyan etmədən “Yaşıl kanal” buraxılış sistemindən istifadə edib. Lakin şəxsi əşyaları rentgen aparatından keçirilən zaman sərnişində gömrüyə bəyan olunmayan malların olması barədə əsaslı şübhə yaranıb. Bu səbəbdən də o sorğu-sual edilib və üzərində 8000 ABŞ dolları pul vəsaiti olduğunu bildirib. Şəxsi yoxlama zamanı vətəndaşın şalvarının, pencəyinin ciblərində və pul qabının içərisində, ümumilikdə 19 min 500 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.