REGİONLAR
Kümçü fermerlerin maarifləndirilməsinin birinci mərhələsi başa çatıb
Bakı, 30 dekabr, AZƏRTAC
Regionlarda barama saxlayan fermerlərin maarifləndirilməsi tədbirlərinin birinci mərhələsi başa çatıb. Barama mövsümünün başlamasına qədər olan dövrdə kümçülər arasında maarifləndirmə təlimlərinin aparılması haqqında qərar Barama Şurasının sonuncu iclasında qəbul edilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə istiqamətləri ötən təsərrüfat ilində kümçülərin üzləşdikləri problemləri - kümxanaların düzgün təşkili, ipəkqurdlarının qaydalara uyğun bəslənməsi, yem təminatı, zərərvericilərə qarşı mübarizə kimi məsələləri əhatə edib.
Nazirlik tərəfindən dekabr ayı ərzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Goranboy, Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Laçın rayonları üzrə keçirilmiş təlimlərdə 230 fermer iştirak edib. Təlimlər Barama Şurasının üzvü, Çin və Hindistanda müasir barama ipəkqurdunun saxlanılması ilə bağlı kurs keçmiş Nuranə Qəmbərova tərəfindən keçirilib.
Dövlət Aqrar İnkişaf mərkəzlərinin təşkilati dəstəyi ilə keçirilmiş təlimlərdə kümçüləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, Çin Xalq Respublikasından gətirilərək salınmış yeni tut bağlarına baxış keçirilib.
Eyni zamanda, sahə nümayişləri zamanı kümçülərə təcrübələrə əsaslanan tövsiyələr verilib. Təlimlərdə barama istehsalında ən son yeniliklər diqqətə çatdırılıb, fermerlərə maarifləndirici metodiki vəsaitlər paylanıb.
Qeyd edək ki, mart ayının 1-nə qədər təlimlər ölkə üzrə bütün kümçüləri əhatə edəcək.