İDMAN
Kunq-fu döyüş növü üzrə açıq turnirin qalibləri müəyyənləşib
Bakı, 27 mart, AZƏRTAC
Abşeron Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kunq-fu döyüş növü üzrə açıq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kung-fu” döyüş klubunun təşkilatçılığı ilə keçirilən yarışda 20 komanda olmaqla, ümumilikdə 200-dən çox idmançı iştirak edib.
Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov iştirak ediblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Kunf-fu” klubunun yeniyetmə və gənc yetirmələrindən Mehrac Axundzadə (24 kq), Məhəmməd Məmmədov (52 kq), İlham Paşayev (56 kq) və Hüseyn Məmmədli (60 kq-dan yuxarı) bütün görüşlərini qələbə ilə başa vurublar.
Yarışın qaliblərinə diplom, medal və kubok təqdim olunub.
“Kung-fu” klubunun direktoru Anar Süleymanlı yarışın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu gün idmanın kunq-fu növünün ölkəmizdə yetərincə həvəskarı var. Onları bir araya toplamaq, kunq-funun inkişafına töhfə vermək mənim üçün xoşdur. İl ərzində turnirlər davamlı olacaq, azarkeşlər maraqlı döyüşlərə şahidlik edəcəklər. Bu tip yarışlar ölkədə gənc nəslin pis vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvər ruhda böyüməsi üçün əsas göstəricilərdəndir”.