REGİONLAR
Kür çayı sahilindəki bulvar kompleksi yevlaxlıların ən sevimli istirahət guşələrindəndir
Yevlax, 24 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın aran bölgəsində yerləşən Yevlax yaşıllıqlar, park və xiyabanlar şəhərinə çevrilib.
AZƏRTAC xəbər verir ki, son illərdə şəhərdə 12 park, xiyaban və istirahət bağı salınıb, 22 fəvvarə tikilib. Ümumilikdə rayon ərazisində 2 milyondan çox ağac, 3 milyona yaxın gül və dekorativ kol əkilib. Yevlax sakinləri asudə vaxtlarını rəngarəng, gül-çiçəklər və cürbəcür dekorativ ağacların bəzədiyi Heydər Əliyev Xiyabanı, Müstəqillik, Dədə Qorqud, Nizami, Dostluq, Veteranlar, Səməd Vurğun, Gənclər və s. kimi parklarda keçirir, istirahət edirlər.
Kür çayının sahilində inşa edilən bulvar kompleksi isə Yevlax sakinlərinin və şəhərin qonaqlarının ən sevimli istirahət guşəsinə çevrilib. Ərazisi 8,2 hektar, uzunluğu 2500 metr olan bulvar kompleksinin bir hissəsi estakadalarda Kür çayının üzərindədir. Bulvar kompleksində inşa edilən 22 fəvvarə və şəlalə bura gələnlərin zövqünü oxşayır. Bulvarda xidmət obyektləri, ana və uşaq otağı, uşaq əyləncə mərkəzi, attraksionlar, idman meydançaları yaradılıb, çimərlik salınıb. Vətəndaşların gözəl istirahəti üçün burada axşamlar konsert proqramları, Kür çayında kater gəzintisi də təşkil edilir.
Bulvarda istirahət edən şəhər sakini Akif Mehdiyev AZƏRTAC-ın müxbiri ilə söhbətində yaradılan şəraitdən razılıq edib: “Kür qırağındakı bulvar ən çox sevdiyim məkanlardandır. Burada istirahət etdiyim zaman xüsusi bir dinclik, rahatlıq tapıram, istirahət guşəsinin və təbiətin gözəlliyindən zövq alıram”.
Nəvələri ilə vaxtaşırı bulvara gəzintiyə gələn şəhər sakini Solmaz Həmidova isə deyib: “Bulvara nəvələrimlə tez-tez gəlirəm. Həm özüm istirahət edirəm, həm də uşaqlar əyləncə qurğularında oynayır, şənlənirlər. Burada istirahətimiz üçün hər cür şərait var. Bizə bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm”.
Bulvar kompleksində yaradılan bu şərait Yevlax şəhərinin qonaqlarının da ürəyincədir. Turizm imkanlarını nəzərə alaraq hazırda Kür çayının sahilində beşulduzlu otel binası inşa edilir. Otelin yaxınlığında voleybol, basketbol meydançaları, tennis kortu tikilir. Otelin istifadəyə verilməsi ilə şəhərin qonaqlarının və turistlərin daha gözəl istirahəti təmin ediləcək.