CƏMİYYƏT
Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan bir neçə dəfə artıq olub
Bakı, 12 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabrda növbəti monitorinq həyata keçirib.
Departamentdən AZƏRTAC-a bildirilib ki, oktyabrın birinci ongünlüyündə Kür çayında suyun sərfi sentyabrın üçüncü ongünlüyünə nisbətən saniyədə 70,7 kubmetr artaraq saniyədə 147 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində və Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Oktyabrın birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə , I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 7,1-8 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.