CƏMİYYƏT
Kür çayında suyun səviyyəsində azalma, Qanıx çayında artım müşahidə olunub
Bakı, 1 may, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, mayın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 295 kubmetr olmaqla ongünlük normanın 41 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 468 kubmetr olmaqla ongünlük normanın 65 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr olmaqla ongünlük normanın 66 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 147 kubmetr təşkil edərək ongünlük normanın 74 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma, Bankədə isə 2 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 355 (2016-cı il mayın 1-də 387 sm), Şirvanda 215 (2016-cı il mayın 1-də 243 sm), Salyanda 140 (2016-cı il mayın 1-də 213 sm), Bankədə 171 (2016-cı il mayın 01-də 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 santimetr (2016-cı il mayın 01-də 93 sm) təşkil edir.