CƏMİYYƏT
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 14 santimetr azalıb
Bakı, 24 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 130-180, Lənkəran-Astara bölgəsi çaylarında 100-190, Naxçıvan Muxtar Respublikası çaylarında isə 170 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, noyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 178 kubmetr olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 215 kubmetr olmaqla ongünlük normanın 116 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 42 kubmetr olmaqla ongünlük normanın 52 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 81 kubmetr təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.
Noyabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik olmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6 santimetr artım, Bankədə 14 santimetr azalma qeydə alınıb, lakin Surrada, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 (2016-cı il noyabrın 24-də 471 sm), Şirvanda 251, Salyanda 208 (2016-cı il noyabrın 24-də 303 sm), Bankədə 199 (2016-cı il noyabrın 24-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 santimetr (2016-cı il noyabrın 24-də 165 sm) təşkil edir.