CƏMİYYƏT
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 31 santimetr artıb
Bakı, 24 iyul, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin AZƏRTAC-a verdiyi məlumata görə, iyulun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 65 kubmetr olmaqla, ongünlük normanın 42 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib. Hazırda məntəqədə su sərfi saniyədə 33 kubmetrdir. Bu, ongünlük normanın 38 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Şirvanda 2, Bankədə 31 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338, Şirvanda 163, Salyanda 74, Bankədə 203, Araz çayının Novruzlu məntəqəsində isə 42 santimetr təşkil edir.