CƏMİYYƏT
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi artıb
Bakı, 14 dekabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-95, Kiçik Qafqazın çaylarında 40-180, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 75-145 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 177 kubmetr olmaqla ongünlük normanın 113 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 82,5 kubmetr təşkil etməklə ongünlük normanın 109 faizinə bərabərdir.
Dekabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 1, Şirvanda 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr artıb. Lakin Salyan məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 446, Şirvanda 333, Salyanda 297, Bankədə 257, Araz çayının Novruzlu məntəqəsində isə 138 santimetrə bərabərdir.