CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 31 santimetr artıb
Bakı, 16 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 31 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 375 kubmetr olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 420 kubmetr olmaqla ongünlük normanın 71 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 124 kubmetr olmaqla ongünlük normanın 73 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 232 kubmetr təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 22, Salyanda 25, Bankədə 15, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 400 (2016-cı il iyunun 16-da 405 sm), Şirvanda 269, Salyanda 162 (2016-cı il iyunun 16-da 190 sm), Bankədə 196 (2016-cı il iyunun 16-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 santimetr (2016-cı il iyunun 16-da 115 sm) təşkil edir.