CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 santimetr azalıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-30 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 140 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 73 kubmetr olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 135 kubmetr təşkil etməklə ongünlük normanın 97 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 12 kubmetr olmaqla ongünlük normanın 13 faizini təşkil edir. Ötən il isə həmin göstərici saniyədə 42 kubmetr təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.
Sentyabrın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 2 santimetr azalma, Şirvanda 2 santimetr artım qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 (2016-cı il sentyabrın 18-də 417 sm), Şirvanda 191, Salyanda 124 (2016-cı il sentyabrın 18-də 254 sm), Bankədə 169 (2016-cı il sentyabrın 18-də 208 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetr (2016-cı il sentyabrın 18-də 108 sm) təşkil edir.