CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artıb
Bakı, 10 dekabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 130-180 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə dekabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 247 kubmetr olmaqla ongünlük normanın 157 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 94 kubmetr təşkil etməklə ongünlük normanın 122 faizinə bərabərdir.
Dekabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 santimetr artım, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr azalma qeydə alınıb. Lakin Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyib.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 442, Şirvanda 327, Bankədə 251, Araz çayının Novruzlu məntəqəsində isə 140 santimetrə bərabərdir.