CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən və Şirvan məntəqələrində suyun səviyyəsi 4 santimetr azalıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 140 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 60 kubmetr olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 121 kubmetr təşkil edərək ongünlük normanın 87 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 10,5 kubmetr olmaqla ongünlük normanın 12 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 31 kubmetr təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.
Sentyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr artım, Şirvanda 4 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 (2016-cı il sentyabrın 11-də 424 sm), Şirvanda 209, Salyanda 140 (2016-cı il sentyabrın 11-də 262 sm), Bankədə 177 (2016-cı il sentyabrın 11-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 62 santimetr (2016-cı il sentyabrın 11-də 152 sm) təşkil edir.