CƏMİYYƏT
Kür çayının Salyan məntəqələrində suyun səviyyəsi 23 santimetr artıb
Bakı, 15 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 188 kubmetr olmaqla ongünlük normanın 70 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 41 kubmetr təşkil etməklə ongünlük normanın 44 faizinə bərabərdir.
Martın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 23 santimetr artıb, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalıb. Lakin Kür çayının Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 312, Şirvanda 141, Salyanda 70, Bankədə 167, Araz çayının Novruzlu məntəqəsində isə 18 santimetrə bərabərdir.