CƏMİYYƏT
Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 14 santimetr azalıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 140 kubmetr olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 195 kubmetr təşkil etməklə ongünlük normanın 120 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 75 kubmetr olmaqla ongünlük normanın 78 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 93 kubmetr təşkil edərək ongünlük normanın 97 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə edilib. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 8, Salyanda 14, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 2 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 (2017-ci il oktyabrın 5-də 426 sm), Şirvanda 195 (2017-ci il oktyabrın 5-də 295 sm), Salyanda 147 (2017-ci il oktyabrın 5-də 250 sm), Bankədə 175 (2017-ci il oktyabrın 5-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 santimetrə (2017-ci il oktyabrın 5-də 100 sm) bərabərdir.