CƏMİYYƏT
Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 35 santimetr azalıb
Bakı, 3 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40-50 , Naxçıvan Muxtar Respublikası çaylarında isə 170 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, noyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 28 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 180 kubmetr olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 231 kubmetr təşkil etməklə ongünlük normanın 124 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 55 kubmetr olmaqla, ongünlük normanın 65 faizini təşkil edir. Ötən il isə həmin göstərici saniyədə 163 kubmetr təşkil edərək ongünlük normanın 193 faizinə bərabər olub.
Noyabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 8 santimetr artım, Salyanda 35, Bankədə 2 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 (2016-cı il noyabrın 3-də 544 sm), Şirvanda 237, Salyanda 175 (2016-cı il noyabrın 3-də 404 sm), Bankədə 181 (2016-cı il noyabrın 3-də 286 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 santimetr (2016-cı il noyabrın 3-də 260 sm) təşkil edir.