CƏMİYYƏT
Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb
Bakı, 1 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara bölgəsi çaylarında 100-180, Naxçıvan Muxtar Respublikası çaylarında isə 155 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, dekabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 163 kubmetr olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 190 kubmetr olmaqla ongünlük normanın 121 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 39,5 kubmetr olmaqla ongünlük normanın 51 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 70 kubmetr təşkil edərək ongünlük normanın 91 faizinə bərabər olub.
Dekabrın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma, Bankədə isə 1 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 359 (2016-cı il dekabrın 1-də 468 sm), Şirvanda 231, Salyanda 184 (2016-cı il dekabrın 1-də 351 sm), Bankədə 196 (2016-cı il dekabrın 1-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 santimetr (2016-cı il dekabrın 1-də 190 sm) təşkil edir.