CƏMİYYƏT
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 20 santimetr azalıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normaya yaxın olmaqla normanın 90 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla 40-130 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 70-170 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 138 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 99 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 61 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 63 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 47 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 80 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 9 santimetr azalaraq 318 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 20 santimetr azalaraq 173 santimetr olub. Salyanda suyun səviyyəsi 10 santimetr azalıb və 103 santimetrə bərabər olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 santimetr azalaraq 20 santimetr müşahidə olunub. Bankə məntəqəsində isə suyun səviyyəsi 9 santimetr azalaraq 155 santimetr təşkil edib.