CƏMİYYƏT
Kür çayının Şıxlı-2 məntəqəsində suyun tərkibində fenolların miqdarı normadan 5 dəfə çox olub
Bakı, 12 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayında növbəti monitorinq həyata keçirib.
Departamentdən AZƏRTAC-a bildirilib ki, sentyabrın birinci ongünlüyündə Kür çayında suyun sərfi avqustun üçüncü ongünlüyünə nisbətən saniyədə 18,4 kubmetr azalaraq saniyədə 57 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 2, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Sentyabr ayının birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə, I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,39-7 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.