CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb
Bakı, 2 dekabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-190, Kiçik Qafqazın çaylarında 230-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, dekabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 180 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 3 santimetr artım qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 73 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 12 santimetr azalıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 464, Salyanda 341, Bankədə 248, Novruzlu məntəqəsində isə 178 santimetrdir.