CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub
Bakı, 17 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-150, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 50-130, Naxçıvan Muxtar Respublikası çaylarında isə 170 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, noyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 177 kubmetr olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 210 kubmetr təşkil etməklə ongünlük normanın 119 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 39,5 kubmetr olmaqla, ongünlük normanın 46 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 98 kubmetr təşkil edərək ongünlük normanın 115 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma, Bankədə 5 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 (2016-cı il noyabrın 17-də 440 sm), Şirvanda 251, Salyanda 227 (2016-cı il noyabrın 17-də 300 sm), Bankədə 202 (2016-cı il noyabrın 17-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 santimetr (2016-cı il noyabrın 17-də 153 sm) təşkil edir.