REGİONLAR
Kürdə suyun səviyyəsi artıb – təsərrüfatlarda suvarma suyu problemi aradan qalxıb FOTO VİDEO
Salyan, 17 may, İsmayıl Cəfərli, AZƏRTAC
Son zamanlar havaların yağmurlu olması, dağ çaylarından sel keçməsi Kür çayında da suyun səviyyəsinin qalxmasına səbəb olub. Bu, xüsusilə özünü Kürün aşağı axınlarında göstərib.
AZƏRTAC xəbər verir ki, Salyan rayonunun Kürətrafı kəndləri bir neçə aydır susuzluqdan əziyyət çəkirdi. Səbəb isə Kür çayında suyun kəskin enməsi idi. Sakinlər həyətyanı sahələrini, təsərrüfatlarını, həmçinin əkin sahələrini suvarmaqda böyük çətinliklərlə üzləşirdilər. Su səviyyəsinin aşağı olması çayda quraşdırılan su nasoslarının işini də dayandırmışdı. Amma son günlər havaların yağmurlu keçməsi Kürə bol suyun gəlməsi ilə nəticələnib. Bu da ərazidə yaşayan əhalinin sevincinə səbəb olub.
Salyan sakini Lətif Zərbəliyevlə söhbət zamanı bildirib ki, hazırkı dövr təsərrüfatların suvarıldığı dövrdür: “Əkinlərin indi suvarılması bol məhsul üçün mühüm amildir. Bir vaxtlar Salyandan tutmuş Neftçalanın kəndlərinə qədər camaat su qıtlığından əziyyət çəkirdi. Bu gün yağışların çox olması, Kürün suyunun qalxması su qıtlığını da aradan qaldırıb, bütün əkin sahələri suvarılır. Əhali də sevinir ki, suyumuz boldur. Şükür Allaha, çox rahatlıqla su götürə bilirik”.
Kürdə suyun səviyyəsinin qalxması, həmçinin dəniz suyunu da çay yatağından çıxarıb. Qeyd edək ki, aprelin 30-dək olan müddətdə dənizin şor suyu 40 kilometr məsafədə Neftçala ərazisində Kür çayına qarışmışdı. Bu, yerli əhali üçün həm də içməli su problemi yaratmışdı. Artıq bir həftədən çoxdur ki, Kürdə suyun səviyyəsi 1,5-2 metr qalxıb və nəticədə güclü axar yaranıb.
Salyan sakini Vüqar Ağayev də insanların Kürdə suyun səviyyəsinin qalxmasına sevindiyini bildirib. Deyib ki, indi vəziyyət yaxşıdır. Hər kəs öz həyət-bacasını, əkinini suvara bilir. “Ümid edirəm ki, Kürün səviyyəsi bu vəziyyətdə qalar və biz də əkib-becərdiyimiz sahələrdən bol məhsul götürərik”, - deyə o qeyd edib.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 50 santimetr artaraq 520 santimetr, Kür-Şirvanda 64 santimetr artaraq 259 santimetr, Kür-Bankədə isə 2 santimetr artaraq 120 santimetr olub. Hazırda çayda su səviyyəsinin artımı davam edir. Bu da Kür boyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə imkan verir.