Kürdəmir rayonunda tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cərimələnib
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı şikayət daxil olub. Şikayəti nazirliyin əməkdaşları araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı məişət tullantılarının həmin əraziyə qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb.
Faktla bağlı Sığırlı Bələdiyyəsinin sədri Saleh Ağamalıyev barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.
Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Xəbərin mətnində orfoqrafik səhv var