REGİONLAR
Kürdəmir rayonunun Xınıslı kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib
AZƏRTAC xəbər verir ki, yeni tədris ilinin başlanması ərəfəsində istifadəyə verilən məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək əlamətdar hadisə münasibətilə müəllim və şagirdləri, valideynləri və kənd sakinlərini təbrik edib, məktəblilərə təhsildə və təlim-tərbiyədə uğurlar arzulayıb. Bildirib ki, bütün bunlar ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin bu mühüm sahəyə diqqət və qayğısının parlaq təzahürüdür.
Bilik günündə qapılarını müəllim və şagirdlərin üzünə açacaq 180 şagird yerlik Xınıslı kənd tam orta məktəbi istilik sistemi ilə təchiz edilib. Burada müasir tələblərə tam cavab verən sinif otaqları, fənn kabinetləri, kompyuter otaqları, laboratoriyalar, yeməkxana, idman zalı və kitabxana mövcuddur.
Tədbirdə çıxış edənlər yeni məktəb binasının istifadəyə verilməsinə görə bütün kənd sakinləri adından dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Mərasim iştirakçıları yeni məktəb binasında müəllim və şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar.