İQTİSADİYYAT


Kürdəmirdə 13 kilometrlik avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Kürdəmir rayonunda başlanğıcını Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrdən götürən və 13 kilometr uzunluğa malik Qarasaqqallı-Cəyli avtomobil yolunun yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kürdəmir rayonunun 4 minə yaxın əhalinin yaşadığı 2 yaşayış məntəqəsini əhatə edən Qarasaqqallı-Cəyli avtomobil yolu qara və çınqıl örtük əsaslı olduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Yüksək keyfiyyətlə icra olunan yenidənqurma işləri ilə artıq qeyd olunan problem aradan qaldırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan bərpa işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir edilmədən istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

13 kilometr uzunluğa malik avtomobil yolunun deformasiyaya uğramış örtüyünün bərpası məqsədilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağı inşa edilib, qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının tikintisi işləri həyata keçirilib.

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində artıq yolun asfaltlanması işlərinə start verilib. Yol örtüyünün alt layının 7 santimetr qalınlıqda iri dənəli, üst layının isə 5 santimetr qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi aparılıb.

Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü borular yeniləri ilə əvəzlənib və müxtəlif diametrli 16 suötürücü boru quraşdırılıb.

Son mərhələdə yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri aparılacaq, həmçinin avtobus dayanacaqları inşa ediləcək.

Təbii ki, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.