REGİONLAR
Kürdəmirdə 165 ailəyə baramaqurdu toxumu paylanıb
Kürdəmir, 6 may, AZƏRTAC
Kürdəmirdə Qax Damazlıq İpəkçilik Stansiyasından 360 qutu ipəkqurdu toxumu gətirilib və baramaçılıqla məşğul olan 165 ailəyə paylanıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Qorxmaz Şükürov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılıq rayonda ənənəvi sahədir. Son illər bu gəlirli sahə ilə məşğul olan ailələrin sayı artıb. Nəticədə barama tədarükü də intensiv olaraq çoxalır. 2016-cı ildə cəmi 3,6 ton yaş barama tədarük olunan bölgədə ötən il bu göstərici 13 ton 680 kiloqrama çatıb.
Baramaçılıqla rayonda əsasən Köhünlü, Mollakənd, Carlı, Qarasaqqal və bir sıra digər yaşayış məntəqələrinin sakinləri məşğul olur. Təkcə Köhünlü kəndində sakinlər 105 qutu baramaqurdu toxumu götürüblər. Kənd sakinləri olan peşəkar kümçülər Həsrəd Şahverdiyev və Nazim Cəfərovun hər biri cari mövsümdə 5 qutu baramaqurdu toxumu bəsləyəcək.
Qeyd edək ki, rayonda kifayət qədər yem ehtiyatı da vardır.