REGİONLAR
Kürdəmirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “Sərrast atıcı” yarışı keçirilib
Kürdəmir, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Kürdəmirdə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri arasında tir atıcılığı üzrə “Sərrast atıcı” yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər evində təşkil olunan yarışda rayonun 25 ümumtəhsil məktəbinin komandası iştirak edib.
Yarışlar başlamazdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon gənclər və idman idarəsinin rəisi Süleyman Əhmədov məktəblilər qarşısında çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan olunmadan Bakıya yeridilən keçmiş Sovet İttifaqının qoşun birləşmələri tərəfindən dinc əhaliyə amansız divan tutulub, günahsız insanlar qətlə yetirilib, yaralanıb və itkin düşüb. Bu ağır günlərdə xalqını tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.
Sonra yarışlara start verilib. Komanda birinciliyində Atakişili kənd tam orta məktəbinin komandası birinci, şəhər 2 və 5 saylı tam orta məktəblərin təmsilçiləri müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Şəxsi birincilikdə isə şəhər 2 saylı tam orta məktəbin şagirdi Sırac Talıblı, Atakişili kənd tam orta məktəbin şagirdi Adil Əlizadə və şəhər 4 saylı tam orta məktəbin şagirdi Ağasəməd Əhmədov ilk üçlükdə yer alıblar.
Qaliblər rayon gənclər və idman idarəsinin kubok, diplom və medalları ilə təltif ediliblər.