REGİONLAR
Kürdəmirdə 286 hektarda şəkər çuğunduru əkilib
Kürdəmir, 7 aprel, AZƏRTAC
Kürdəmir rayonunda şəkər çuğunduru əkini başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari ildən rayonda gəlirli sahə olan şəkər çuğunduru istehsalına maraq artıb. Torpaq mülkiyyətçiləri İmişli Şəkər Zavodu ilə bağlanan müqaviləyə əsasən 286 hektarda əkin aparıblar. Əkin sahələrinin 200 hektarı Pirlidə, 58 hektarı Garıs-Əyribənddə, 20 hektarı Topalhəsənlidə, 6 hektarı isə Muğanlıdadır. Pirli və Muğanlıda şəkər çuğunduru sahələri çiləmə üsulu ilə suvarılacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 4-də “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 manat məbləğində subsidiya ödəniləcək.