REGİONLAR


Kürdəmirdə 51,2 kilometrlik avtomobil yolları yenidən qurulur VİDEO

Bakı, 26 iyul, AZƏRTAC

Kürdəmir rayonunda cari ildə 2 yol infrastrukturu layihəsinin, Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının yenidən qurulması işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu layihələr 10 minədək vətəndaşın yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən 51,2 kilometrlik avtomobil yollarıdır. Hazırda yeni yolun inşası aparılır. Ümumilikdə, torpaq işlərinin sahəsi Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunda 370 min kvadratmetr, Şilyan-Qarasu avtomobil yolunda isə 140 min kvadratmetr təşkil edir.

Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün 270 poqonmetr müxtəlif diametrli dairəvi metal və dəmir-beton borulardan istifadə olunub. Bundan başqa, yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.

Torpaq işləri bitən ərazilərdə yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 santimetr qalınlığında iri dənəli, üst layının isə 5 santimetr qalınlığında xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılır. Asfaltlanma işləri Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının 300 min kvadratmetrdən çox sahəsini əhatə edir.

Layihələrin sonuncu mərhələsində çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri və avtobus dayanacaqlarının tikintisi, həmçinin yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, yol göstəricilərinin və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.