REGİONLAR
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin və xalça emalatxanasının tikintisinə başlanılıb
Kürdəmir, 18 aprel, AZƏRTAC
Kürdəmir rayonunda cari ilin ilk üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 5,5 faiz artaraq 70 milyon 958 min 600 manat olub. Üç ayda 229 nəfər daimi, 325 nəfər müvəqqəti işlə təmin edilib. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə Kürdəmirdə “ASAN xidmət” mərkəzinin və xalça emalatxanasının inşasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə aprelin 18-də Kürdəmirdə cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun hesabat məruzəsində, eləcə də müzakirələrdə iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda görülən işlər, əldə edilən nəticələr geniş təhlil olunub. Vurğulanıb ki, bu ilin məhsulu üçün 45039 hektar sahədə taxıl əkilib. Sahələrin suvarılması, gəmiricilərə qarşı mübarizə, gübrə verilməsi vaxtlı-vaxtında həyata keçirilib. Hazırda biçin üçün 41 kombayn hazırlanır. Kənardan əlavə kombaynların cəlb edilməsi məqsədilə müqavilələr bağlanılır.
Cari mövsümdə rayonda 5030 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bu məqsədlə əlverişli sahələr seçilib, pambıqçılarla tədarükçülər arasında müqavilələrin bağlanması təşkil olunub. Səpinə ciddi hazırlıq görülüb, sahələrə 39-dan çox səpin aqreqatı çıxarılıb. Qısa vaxtda 500 hektar sahədə çiyid əkini aparılıb.
Yığıncaqda əkinçilik üçün əlverişli olan 14600 hektar sahənin əkin dövriyyəsinə qatıldığı diqqətə çatdırılıb, bu torpaqlarda 5 aqroparkın yaradıldığı bildirilib.
Qeyd olunub ki, hesabat dövründə aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda da uğurlu nəticələr qazanılıb. Üç ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,5 faiz artaraq 2076 tona, süd istehsalı 16,6 faiz artaraq 10666 tona, yumurta istehsalı isə 84,4 faiz çoxalaraq 7 milyon ədədə çatıb.
Hesabat yığıncağında əhalinin içməli su, elektrik enerjisi, təbii qazla normal təminatı istiqamətində görülən işlərdən də danışılıb. Bildirilib ki, Axtaçı, Qarabucaq, Qoçulu, Garıs-Əyribənd və Bağman kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılması yekunlaşıb. Mollakənd kəndinə təbii qazın verilməsi ilə əlaqədar son tamamlama işləri aparılır.
Hesabat yığıncağında yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərdən bəhs olunub, habelə qarşıda duran vəzifələr geniş müzakirə edilib.