ELM VƏ TƏHSİL
Kürdəmirdə “Nəsimi sözünün qüdrəti” mövzusunda elmi-praktik konfrans keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi və rayon təhsil şöbəsi ilə birgə “Nəsimi sözünün qüdrəti” mövzusunda elmi-praktik konfrans keçirib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Kürdəmir rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı İmadəddin Nəsiminin Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu söyləyib. Bildirib ki, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairin yaradıcılığına ulu öndər Heydər Əliyev həmişə yüksək qiymət verib.
Sonra muzeyin komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Şəfəq Əlibəyli “Nəsiminin farsca “Divan”ının özəllikləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin yüksək bədii estetik səviyyəyə malik poeziyasından danışıb.
Tədbirdə “Nəsimi yaradıcılığında inanclar sistemi və şairin ədəbi təsir dairəsi” mövzusunda məruzə ilə çıxış edən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə isə şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, bu böyük söz sahibinin zəngin ədəbi irsindən danışıb, onun türkdilli xalqların ədəbi inkişafına əhəmiyyətli təsirindən söz açıb.
Konfransda Kürdəmir rayon Famil Həşimov adına şəhər 3 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günəş Xudiyeva, Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva çıxış edərək Nəsimi yaradıcılığı barədə fikirlərini bölüşüb, mütəfəkkir şairin zəngin irsinin gənclərin mənəvi-əxlaqi kamilləşməsində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Daha sonra şagirdlər arasında keçirilən “Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, Bu, quş dilidir, bunu Süleyman bilir ancaq” qəzəl müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Professor Ş.Əlibəyli qəzəl müsabiqəsinin qaliblərinə - Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Sahilə Abdullayeva, 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Təranə Heydərovaya, 6 nömrəli tam orta məktəbin IX sinif şagirdi Tünzalə Babayevaya, həmçinin “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə Kürdəmir rayon Famil Həşimov adına şəhər 3 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günəş Xudiyeva və Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayevaya AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanını təqdim edib.
Qaliblərə Kürdəmir Regional Mədəniyyət İdarəsi və təhsil şöbəsinin fəxri fərmanları da təqdim olunub.