REGİONLAR


Kürdəmirdə “Ölümü ömür seçənlər" kitabının təqdimatı keçirilib

Kürdəmir, 26 sentyabr, AZƏRTAC

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan 39 nəfər kürdəmirli Vətən fədaisinin qısa, şərəfli həyatından, döyüş yolundan bəhs edən oçerklərin yer aldığı “Ölümü ömür seçənlər” adlı kitabının təqdimat olub. Tədbirdə şəhid ailələri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər .

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimini açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti əvəz edən Ağəli Kərimli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük Zəfəri olduğunu qeyd edib. Eyni zamanda, çıxışında sentyabrın 27-dən başlayaraq cəbhə xəttində Ermənistan işğalçılarının təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusunun Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurduğunu, 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları 30 il işğal altında saxladıqları torpaqlarımızdan qovduğunu vurğulayıb.

Tədbirə onlayn qoşulan kitabın redaktoru, tarix elmləri doktoru professor Habil Məmmədov çıxışında qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinin, büstlərinin qoyulmasının, xatirələrinə həsr olunan bulaqların açılmasının, şəhid məzarlarının ziyarətgaha çevrilməsinin, onların həyat tarixçəsinin qan yaddaşına köçürülməsinin vətəndaşlıq borcumuz olduğunu bildirib. O, istedadlı qələm sahibi Yaqut Bahadurqızının kitabının şəhidlərin unudulmaması və gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını deyib.

Təqdimat mərasiminə Xarkov şəhərindən onlayn qoşulan Dövlət İdarəetmə Elmləri doktoru, professor, “Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti”nin fəxri üzvü Azad Ömərov qeyd edib ki, müəllifin bəzən bədiiləşdirdiyi səhnələr öz koloriti ilə kitabı daha həyəcanla oxumağa vadar edir. Bununla yanaşı, müəllifin təqdim etdiyi bu kitab yeniyetmələrə, gənclərə vətənpərvərlik ruhu aşılayır və gələcəkdə qəhrəmanlıq, vətənpərvərlik, anaya sevgi, saf məhəbbət, dosta sədaqət və sair haqqında yazılacaq əsərlərdə bir məlumat mənbəyi kimi istifadə oluna bilər.

Rayonun din xadimləri Füzuli Cəfərov, Aqil Əliyev, şəhid baş leytenat Fərrux Hüseynovun atası Baxış Hüseynov, şəhid gizir Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, şəhid Ziyadxan Əliyevin anası Müşgünaz Həziyeva, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Vətən müharibəsi qazisi Fariz Əzizov, dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva çıxış edərək bildiriblər ki, Kürdəmir şəhidləri haqqında yazılan “Ölümü ömür seçənlər” kitabı şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində atılan təqdirəlayiq addımdır. Habelə, çıxışçılar kitabın hərbi vətənpərvərlik ruhunun aşılanması üçün vacibliyini vurğulayıb və müəllifə qısa zaman ərzində belə dəyərli kitabı ərsəyə gətirdiyinə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə şəhidlərimizə həsr olunan fotoslayd nümayiş etdirilib. Məktəblilər “Ölümü ömür seçənlər” kitabından hazırladıqları kompozisiyanı tədbir iştirakçılarına təqdim ediblər.

Kitabın müəllifi Yaqut Bahadurqızı əməyinə göstərilən diqqətdən məmnunluğunu ifadə edib və tədbirin iştirakçılarına öz minnətdarlığını bildirib. “Ölümü ömür seçənlər” kitabı şəhid ailələrinə hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.