REGİONLAR
Kürdəmirdə ağır yol qəzası: 3 nəfər ölüb,1 nəfər yaralanıb
Kürdəmir, 14 noyabr, AZƏRTAC
Kürdəmirdə 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, hadisə noyabrın 13-də axşam saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ağdam rayon sakini 65 yaşlı Hümbətov İbrahim Qubat oğlu idarə etdiyi “Hundai” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər Ağdam rayon sakinləri 53 yaşlı İsmayılov Rabil Rəhbər oğlu, 67 yaşlı Hümbətova Ayulduz Qubat qızı və Zərdab rayon sakini 53 yaşlı Mehdiyeva Zemfira Cümşüd qızı aldıqları ağır xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişiblər. Avtomobilin sürücüsü isə ağır bədən xəsarəti alaraq əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.