REGİONLAR
Kürdəmirdə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi qeyd edilib
Kürdəmir, 28 aprel, AZƏRTAC
Kürdəmirdə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru əvəzi Tarix İslamov görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu bildirib.
Digər çıxış edənlər qeyd ediblər ki, Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim olmaqla yanaşı, Ulu Öndərin ən yaxın silahdaşı, Prezident İlham Əliyevi Azərbaycana bəxş edən anadır. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə onun portreti yaranır.
Çıxışlarda Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çoxşaxəli elmi-tədqiqat işləri, yüksəkixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açılıb, xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağı vurğulanıb.
Tədbirdə akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.