Kürdəmirdə barama tədarükü davam edir
AzerTAg.az
Kürdəmir, 16 iyun, AZƏRTAC
Kürdəmir rayonunun kümçüləri barama tədarükünü davam etdirirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 138 kümçü tərəfindən 360 qutu (9221 qram) ipəkqurdu toxumu bəslənilib və indiyədək “Azərİpək” MMC-yə 9 ton 221 kiloqram yaş barama təhvil verilib. Bu il barama daha çox rayonun Sığırlı, Şilyan, Xırdapay, Sovla, Köhünlü, Carlı, Mehdili və bir sıra digər ərazi dairələrində bəslənilib.
Baramaçılıq rayonda ənənəvi təsərrüfat sahələrindəndir. Təsadüfi deyil ki, Kürdəmirdə bu gün onlarca peşəkar kümçü var. Builki mövsümdə Köhünlü kəndindən Nazim Səfərov 383 kiloqram, Xırdapaydan Əhmədağa İsgəndərov 285 kiloqram, Cəylidən Sarvan Seyidov 155 kiloqram yaş barama tədarük ediblər.
Qeyd edək ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var