REGİONLAR
Kürdəmirdə birinci rübün sosial-iqtisadi yekunları müzakirə olunub
Kürdəmir, 18 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə Kürdəmirdə sosial-iqtisadi sahələrdə uğurlu nəticələr qazanılıb. Üç ayda ümumi məhsul buraxılışının həcmi 2,5 faiz artaraq 67 milyon 514,4 min manat olub. Bu müddətdə 1433 daimi iş yeri açılıb. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda mühüm işlər görülüb.
AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun aprelin 18-də Kürdəmirdə 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən hesabat yığıncağındakı məruzəsində məlumat verilib.
Məruzədə, eləcə də müzakirələrdə iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında görülən işlər ətraflı təhlil edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə qeyri-neft sektorunun, o cümlədən ənənəvi sahə olan pambıqçılığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu il 4000 hektar sahədə çiyid əkini nəzərdə tutulub. Pambıqçılıq üçün əlverişli sahələr seçilib, əkin aparacaq hüquqi və fiziki şəxslərlə müqavilələrin bağlanılması təşkil edilib. Hazırda kütləvi səpin kampaniyasına başlanılıb. 20-dən çox səpin aqreqatı sahələrə çıxarılıb. Qısa vaxtda 1000 hektardan çox sahədə çiyid səpilib.
Cari ilin məhsulu üçün əkilən 39 min 871 hektar taxıl sahəsində becərmə işləri davam etdirilir. 1200 hektardan çox sahədə yonca səpilib. 1120 hektardan çox kartof, 1000 hektarda bostan, 286 hektarda çuğundur əkilib. Yazlıq əkinlər müvəffəqiyyətlə davam etdirilir.
Baramaçılığın da inkişafı diqqət mərkəzindədir. Cari ildə 16 tondan çox barama istehsalı nəzərdə tutulub. Yem ehtiyatı üçün 46 min ədəd tut tingi əkilib.
Məruzədə, habelə çıxışlarda torpaqların su təminatının yaxşılaşdırılması sahəsində görülən işlər ətraflı təhlil edilib. Bildirilib ki, birinci rübdə əlaqədar təşkilatlar tərəfindən 255 kilometr kanal, 75 kilometr dren şəbəkəsi lildən təmizlənib, 83 hidrotexniki qurğu, 7 nasos kompleksi, 1,4 kilometr beton-kanal əsaslı təmir olunub. Sor-Sor kəndi ərazisində 1000 hektaradək sahəni suvarma suyu ilə təmin edəcək yeni nasos kompleksi qurulub.
Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr yaxşı olub. Belə ki, mal-qaranın, qoyun-keçilərin baş sayı artıb, heyvandarlıq məhsulları istehsalında dinamik inkişaf təmin edilib. Bütün sahələr üzrə məhsul istehsalı ötən ilin birinci rübü ilə müqayisədə xeyli artıb.
Hesabat dövründə yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı sahəsində məqsədyönlü işlər görülüb. Təhsilin, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar mühüm tədbirlər həyata keçirilib.
İclasda qarşıda duran vəzifələr də geniş təhlil olunub.