REGİONLAR
Kürdəmirdə ilin sonunadək 46 min ədəd tut tingi əkiləcək
Kürdəmir, 6 dekabr, AZƏRTAC
Kürdəmir rayonunda baramaçılığın inkişafı üçün möhkəm yem bazasının yaradılması istiqamətində tədbirlər davam etdirilir. Artıq rayon ərazisində 11,5 min ədəd tut tingi əkilib.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, bu il Kürdəmirdə 46 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub və bunun üçün kifayət qədər ting gətirilib. Tingin 25 mini mülkiyyət torpaqlarında, 21 min ədədi isə dövlət fondu sahələrində əkiləcək.
Hazırda bütün ərazilərdə, xüsusilə Köhünlü, Qocalı, Carlı, Muradxan, Yenikənd və bir sıra digər ərazi vahidlərində əkin sürətlə davam edir.
Ting əkini mütəxəssislərin nəzarəti altında aparılır.
Qeyd edək ki, respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut bağlarının salınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1,5 milyon ədəd tut tinginin alınması üçün Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı ilə respublikamıza gətirilib və rayonlara paylanılıb.