REGİONLAR
Kürdəmirdə kümçülərlə görüş olub
Kürdəmir, 22 may, AZƏRTAC
Baramaçılığın inkişafına dair Dövlət Proqramı, Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar Kürdəmir rayonunda da bu sahənin inkişafına güclü təkan verib. Təsadüfü deyildir ki, 2016-cı ildə cəmi 3,6 ton yaş barama tədarük olunan bölgədə ötən il bu göstərici 13 ton 680 kiloqrama çıxıb. Baramaçılıqla məşğul olan ailələrdən, peşəkar baramaçıların sayı da ildən-ilə artır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sətirlər Kürdəmirdə baramaçılıqla məşğul olan kümçülərlə görüşdə səsləndirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov bölgə üçün ənənəvi təsərrüfat olan baramaçılığın inkişaf perspektivlərindən danışıb, kifayət qədər yem ehtiyatının, peşəkar mütəxəssislərin olduğunu vurğulayıb. Bildirilib ki, cari mövsümdə daha çox baramaqurdu toxumu Sovla, Köhünlü, Carlı, Türkəndi icra nümayəndəliklərindəki ailə fermer təsərrüfatlarında bəslənir.
Görüşdən sonra icra başçısı Elxan İbrahimov mütəxəssislərlə Köhünlü kəndində peşəkar kümçülərin təsərrüfatlarında olub, lazımı tövsiyələrini verib, onların qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, cari mövsümdə təkcə Köhünlü kəndindən kümçü Həsrət Şahverdiyev 8 qutu ( 152 qram), Nazim Səfərov isə 5 qutu (95 qram) baramaqurdu toxumu bəsləyirlər. Ümumiyyətlə, bu il Köhünlü kəndində kümçülərə 105 qutu baramaqurdu toxumu paylanılıb.